“Misli” AFFA-nı heçə saydı, qurumun yerinə qərar verdi? – Rəsmilərdən reaksiya

“Misli” AFFA-nı heçə saydı, qurumun yerinə qərar verdi? – Rəsmilərdən reaksiya

Azərbaycan futbolunda bir qrup jurnalistin milli komandalar və klublarla müntəzəm səfərlərə getməsi təşkil olunur.

İyun ayında futbol üzrə Azərbaycan milli komandasının Macarıstanda 2 yoldaşlıq görüşü baş tutacaq. 7 iyunda millimiz Albaniya, 11-də isə Qazaxıstan milli komandası ilə görüşəcək.

Macarıstan səfəri üçün 10-a yaxın jurnalistin ezam olunması nəzərdə tutulub. Lakin bir məsələ var, əvvəlki illərdən fərqli olaraq, son zamanlar sponsorlar jurnalistlərin səfər xərclərini öz üzərilərinə götürürlər. Bu səfərin də sponsoru “Misli” mərc oyunları şirkətidir.

Belə ki, AFFA-nın təqdim etdiyi siyahıya göz gəzdirən “Misli” şirkətinin səlahiyyətli nümayəndəsi bir neçə jurnalistin adını siyahıdan çıxarıb. Mənbə iddia edir ki, siyahının “saf-çürük” olunması, fərdi maraqlara görə baş verib. AFFA rəsmiləri məsləyə müdaxilə etmək istəsələr də, “Misli”nin təzyiqi ilə üzləşiblər. Nəticədə mərc oyunları şirkətinin verdiyi siyahıya əsasən onların seçdiyi jurnalistlər Macarıstana ezam olunacaq.

Məsələ ilə bağlı ilk zəngi AFFA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Məmmədliyə etdik. E.Məmmədli saytımıza belə bir məsələdən xəbərdar olmadığını, işlərin də qaydasında getdiyini söylədi.

Daha sonra “Misli”nin səlahiyyətli nümayəndəsi Seymur Teymurova zəng etdik. O da məsələdən xəbərdar olmadığını bildirdi.

Sonda 1 sual ortaya çıxır, məsələdən kim xəbərdardır? İdman mətbuatına kim qərəzli yanaşır? Sifariş haradan gəlib? “Misli”nin AFFA-ya təzyiq göstərməsi nədən qaynaqlanır?

Bu sualların cavabı maraqlıdır. Əgər adı çəkilən qurumlar məsələ ilə bağlı açıqlama vermək istəsə, məmnuniyyətlə dinləməyə hazırıq. Ancaq indiki məqamda Azərbaycan idman mətbuatına qarşı ikili standartların olduğunu görürük.

Ağa Dadaşzadə TEMPİNFO üçün

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37