“Namus-qeyrət məsələlərinə istinad edib pulu ödəmirlər” – Deputat
- SİYASƏTSON XƏBƏR
- 24.05.2024 15:26
Bizim qanunlar çox gözəldir və universal insan hüquqlarını özündə əks etdirsə də, adət-ənənələrimiz, milli mentalitet dediyimiz bır sıra məsələlər onların həyata keçirilməsinə imkan vermir.
TEMPİNFO xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qarşı tərəflərdən biri milli-mənəvi, mental, adət-ənənə, namus-qeyrət məsələlərinə istinad edərək alimenti ödəməmək üçün hər vasitəyə əl atır. “Digər tərəf isə alimentin məbləğinin artırılması üçün hər vasitəyə əl atır. Son zamanlar müraciət edənlərin sırasında kişilərin sayı çoxalıb. Bu məni çox təəccübləndirir. Müraciət edənlər içərisində bir nəfər məhz alimenti ödəyə bilmədiyinə və qarşı tərəfin də onun məbləğinin artırılması üçün daim məhkəməyə müraciət etməsini əsas gətirib özünə sui-qəsd etmişdi. Mən şəxsi əlaqələr vasitəsilə onu rayondan Bakıya tez bir zamanda çatdıraraq həyatını xilas etdik”, – o qeyd edib.
Deputat əlavə edib ki, bütün zamanlar bu tip məsələlərdə qadınları müdafiə etmişəm və bu belə də olacaq: “Uşaq varsa, boşanıb-boşanmamasından asılı olmayaraq kişi ailə başçısı hesab olunur, ailəni kişi dolandırmalıdır və vəzifəsini yerinə yetirməlidir. Əslində, bu da tərəfimdən mentalitetə, adət və ənənələrə söykənən bəyanatdır. Belədə ümumi olaraq, kişinin qazancının böyük hissəsi ailə və uşaqlarının qayğılarına xərclənir. Orta hesabla kişi maksimum 20% qazancını özü xərcləyə bilir.
Bununla bərabər, gender bərabərliyi, qadın hüquq və azadlıqları deyəndə, feminizm ideyaları ortaya atılanda bu birtərəfli ola bilməz. Hüquq və azadlıqlar birtərəfli olmur, hüquq və azadlıqlar anarxiya demək deyil, bir nəfərin hüququ başlayanda o biri tərəfin hüququ məhdudlaşır. Azadlıq da anarxiya və özbaşınalıq deyil. Azadlığın da çərçivələri var və məhdudiyyətlərlə bərabər başlayır. Ailə quran insanlar nigah anından bir çox azadlıqlarını qurban vermiş olur və gərək bu hal ilə barışsınlar.
Biz dünyəvi və demokratik ölkəyik. Adət-ənənəyə, dini qaydalara və mentalitetə söykənən qanunlar qəbul edə bilmərik. Amma bəlkə də problemin az da olsa, səngiməsi üçün müəyyən addımlar atmaq olar.
Birinci, Aliment Fondunun yaradılması vacibdir, amma proses həddindən çox uzanır.
İkinci, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində Mediasiya Şurası tipində bir qurum formalaşdırmaq olar ki, onlar məhkəmədən öncə ailələrə qanunlarla bərabər, həm də yaşadığımız cəmiyyətin ata-babalarımızdan gələn ənənələrini də başa salmağa çalışsınlar. Çünki, məhkəmə yazılmış qanunlar əsasında qərar çıxarır və demək olar ki, əksər hallarda ən azından ya qadın, ya da kişi tərəfindən birmənalı olaraq rədd edilir.
Üçüncüsü, xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir. Az qala 90 faiz əhali heç ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin. Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulsun.
Sonda hər zaman dediyim bir fikri yenə də vurğulayıram. Qız uşaqlarının tamının ali təhsil almasına, peşə sahibi olmasına nail olmaq üçün onların pulsus ali təhsilə və peşə məktəblərinə cəlb olunmasına çağırış edirəm”.
Mürtəza
Ölkə.Az