Natamamlıqdan çıxın artıq, bəyənmədiklərimizi bəyənirlər! – İlahi müdaxilə etsin!

Natamamlıqdan çıxın artıq, bəyənmədiklərimizi bəyənirlər! – İlahi müdaxilə etsin!

Ölkəmizdə elə bir natamamlıq kök salıb ki, heç nəyi bəyənməz hala gəlmişik. Çox az istisnalar olmaqla nəyisə kor-təbii şəkildə tənqid edirik. Yetər ki, tənqid olsun, ağına-bozuna baxmadan, dinləmədən obyektivlikdən kənar formada “topa tutmaq eşqi” tüğyan edir. Ənənəvi, dəyişməz məşğuliyyətə çevrilib. Tənqid təbii ki, məsələnin həlli istiqamətində edilirsə, problem və çıxış yolu təqdim edilirsə, eyvallah, qəbul ediləndir. Yeri gəlmişkən, “eyvallah” sözü Azərbaycan lüğətində mövcuddur. Bunu vurğulamağım belə, natamamların şərindən amanda qalmaq istəyimdən qaynaqlanır. Bəlkə də elə özümdə də bu mərət var.

Biz özümüzü nadir hallarda bəyənirik. Bir cümlənin altında “Məmməd” yazılıbsa, vecimizə almırıq, amma Nitşe, Freyd qeyd edilibsə, qeyd-şərtsiz qəbul etməliyik. Qaragün Məmmədin ağzının üstündən vururuq. Mütləq Konfutsi qəbirdən çıxıb deməlidir ki, “ay insan, düz deyir, məni hər dəfə qəbirdə narahat etməyin”. Ona Nitşe də səs verir, Freyd də… Özü də bizimkilərin dilində: hə, qaqa, sən öl, düz deyir, qaymaq kimi babat deyib”.

Axı niyə yadellinin “okey”i olmalıdır, niyə onun-bunun ağzına baxar qalmışıq. Olmuşuq düzdür, amma qalmamalıyıq axı, bəsdir, kifayətdir, yetərdir artıq.

Mövzunun Mustafası: AVRO-2024 İctimai TV-də yayımlanmağa başlayanda bir çoxları, əksəriyyət hələ “bismillah” deyilməmiş, yerli şərhçilərimizi qınamağa başladı. Ən sərt şəkildə ürək sözlərini bildirənlər də öz yerində. Lap ağlamalı vəziyyətdə şikayətləndilər. İndi Türkiyə efirində Tural Dadaşovun o möhtəşəm şərhi – “İlahi müdaxilə” – elə möhtəşəm şərh kimi türkiyəlilərə təqdim olunub. “Vallah, halal olsun” deyirlər. İndi də mən deyirəm: Vallah, onlar deyirlər. Vallah, onlar deməmiş, biz qiymət verək. Tənqidə, linçləməyə tələsməyək. Axı bundan öncə də Gündüz Abbaszadənin şərhi Türkiyədə çox danışılmışdı.

Paxıllıqdanmı, həsəddənmi, yoxsa elə az öncə qeyd etdiyim kimi, natamamlıqdanmı bəyənmirik özümüzünkünü. Molla yanına gedib duamı yazdıraq? Ölkəyə bəh-bəhlə qəbul edilmiş avropalı filosoflarımı gətirək, desinlər ki, “vallah, möhtəşəmsiniz”, “özünə hörmət qoymayana heç kim hörmət qoymaz”. Yoxsa avropalını gördükdə ağzı sulananlara, onların ağzından çıxan sözləri “hə, hə, düz deyir, papa djanı” deyənlərə təbib tapaq, şaman gətirək.

Əlbəttə, çatışmazlıqlar var və bunlar müzakirə olunmalıdır, altından xətt çəkərək, hayqıraraq, ruporla demək lazımdır ki, məsələnin həlli istiqamətində! Problemi lağlağı edib xarici mütəxəssisin ağzını güdəcək şəkildə deyil.

Hə, yeri gəlmişkən, bir zamanlar ANS TV-nin şərhçilərini – Asif Bağırovla İlqar Mikayıloğlunu arzulayan cəmiyyətə onlar ərmağan edildi. Efirə çıxdılar, şərh etdilər, amma bəyənməyənlər heç də az olmadı, yenə qəmbərqulular tapıldı və oxşar mənzərə…

TEMPİNFO-dan KÖŞƏ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37