Naxçıvanda bilet problemi böyüyür: “30 manat rüşvət istəyirlər”

Naxçıvanda bilet problemi böyüyür: “30 manat rüşvət istəyirlər”

“Bir müddətdir ki, Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə ilə səfər etmək müşkülə çevrilib. Sərnişinlər bu istiqamətlərə bilet almaq üçün hava limanınlarında günlərlə növbədə gözləməli olurlar. Lakin, məsələnin həlli yolu da var: 30 manat rüşvət verməklə, istənilən reysə bilet almaq mümükündür”.

TEMPİNFO xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sərnişin məlumat verib. Onlar bildirirlər ki, elə, növbələr də qəsdən yaradılır ki, sərnişinlər 30 manatı verməyə məcbur olsunlar. Şikayətçilər deyirlər ki, əlavə reyslərin sayını artırmaqla problemi kökündən həll etmək olar: “Lakin AZAL bunu etməkdə maraqlı deyil”.Bu problemdən ən çox əziyyət çəkənlər isə, təcili iş üçün Bakıya, yaxud Naxçıvana getmək istəyənlərdir. Belə sərnişinlərdən biri də Zamiq Məmmədovdur. O deyir ki, bu yaxınlarda yas məclisində iştirak etmək üçün təcili Bakıya getməli olub. Kassalarda bilet tapa bilmədiyi üçün, məcbur qalıb, 30 manat artıq pul ödəyib:

“Getdim Aerokassaya, dedilər ki, bilet yalnız 20 gün sonraya var, get aeroportdan al. Getdim ki, burada da uzun növbələr var. Bəziləri 2-3 gündür ki, növbə gözləyirdi. Sonra öyrəndim ki, 30 manat rüşvət verib, təcili bilet almaq olur. Məcbur qalıb, 60 manatlıq bilet üçün 90 manat ödədim ki, yas məclisinə vaxtında çata bilim. Əvvəllər bayramlarda və tətillərdə bilet qıtlığı yaranırdı. Əlavə reys salıb bir neçə gün ərzində insanları daşıyıb, problemi həll edirdilər. İndi aylardır ki, təcili Naxçıvana və yaxud əks istiqamətə gedərkən zülm çəkirik“.

İşsizlik səbəbindən Naxçıvandan köçüb, Bakıda yaşayan Tahir Məmmədov isə deyir ki, bilet tapa bilmədiyindən, mərhum bibisinin dəfnində iştirak edə bilməyib:

“Bilet ala bilmədiyim üçün sutka yarım hava limanında qaldım. Bibimin dəfninə çata bilmədim. Tanışı olanlar artıq pul verib bilet və ya, yaxın saatlarda uçmaq üçün növbə alırlar. İmkanı olmayanlar isə bəzən günlərini hava limanında keçirməli olurlar. Mənim verməli artıq pulum olmadığından, səs-küy saldım. İşlərinə maneçilik törətdiyimi görüb, növbəti gün yola saldılar. Əgər, bilet yoxuydusa məni necə yola saldılar? Bu istidə uşaqlara, yaşlılara zülmü edirlər. Problemi AZAL Naxçıvanın, Naxçıvan hakimiyyəti isə AZAL-ın üzərinə atır. Bu məsələyə mütləq çözüm tapılmalıdır. Naxçıvanın yarısı məcburiyyətdən Bakıda yaşayır. Xeyir, şər olur. Hamının qohum-əqrabası var. Tez-tez gedib-gəlmək məcburiyyətində qalırıq.”

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37