Nazim Bəydəmirliyə hökm oxundu – 8 il

Nazim Bəydəmirliyə hökm oxundu – 8 il

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub.

TEMPİNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o səkkiz il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onun doqquz il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

N.Bəydəmirli proses zamanı son sözündə deyib ki, o deputat olanda müstəqil fəaliyyət göstərib:

“Deputat olan zaman nə müxalifətin, nə də iqtidarın tərəfində olmuşam. Gədəbəydə qızıl zavodunun açılışında mən də iştirak etmişəm. Çıxışlarımda xalqın və dövlətin mənafeyinə qarşı fikirlər səsləndirməmişəm. Həmçinin həbsimi siyasi həbs kimi qiymətləndirmirəm. Adımın bununla bağlı hallandırılması mənə də xoş deyil. Məhkəmədən bəraət istəyirəm.”

Xatırladaq ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

****

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

TEMPİNFO-nun məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinə bəraət istəyib və onu ekologiya məhbusu adlandırıb. Sonra Nazim Bəydəmirli son sözlə çıxış edib.

Təqsirləndirilən şəxsin son sözündən sonra hakimlər müşavirəyə gediblər.

Qeyd edək ki, dövlət ittihamçısı ötən məhkəmə prosesində Nazim Bəydəmirlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37