“Neftçi”nin rəhbəri istefaya göndərildi – Rəsmi
- İDMANSON XƏBƏR
- 31.05.2024 12:27
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
TEMPİNFO xəbər verir ki, bu haqda klubun yaydığl açıqlamada bildirilib.
“Fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə Fərrux bəyə təşəkkür edir, gələcək karyerasında uğurlar diləyirik”, – deyə məlumatda qeyd edilib.
F.Mahmudov “Neftçi”dən ayrılması ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. Hər kəsə – komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.
F.Mahmudov 2023-cü ilin yayından bu vəzifədə çalışırdı. “Neftçi” son mövsümü uğursuz başa vuraraq Avropa kuboklarına vəsiqə qazana bilməyib. Komanda Premyer Liqanı 5-ci yeri tutub, kubokun yarımfinalında mübarizəni dayandırıb. F.Mahmudovdan əvvəl paytaxt klubu baş məşqçisi olmuş Miadraq Bojoviçli yolları ayırıb.
TEMPİNFO