“Neqodnı” məsələsi: daha bir XƏBƏR

“Neqodnı” məsələsi: daha bir XƏBƏR

“İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalar çox effektiv olacaq. Əvvəl yol tapırdılar, əsgərlikdən yayınırdılar. Saxta tibbi kağız göstərirdilər. Yaxud da xəstə adamları sağlam olmaya-olmaya əsgərliyə aparırdılar. İndi isə qaydalar çox şəffaf olub”.

TEMPİNFO xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

“İndi, sadəcə, xahiş etmək lazımdır ki, bu adam xəstədir. Yoxlayırlar, görürlər ki, doğrudan da xəstədir, əsgərliyə yaramır, aparmırlar. Sağlam adamdırsa, yaxşı yol, əsgərlikdən qala bilməz. Yəni bütün bu məsələrlə bağlı çox şəffaflıq olacaq”, – deputat bildirib.

Xatırladaq ki, rəsmi məlumata görə, 35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.

Yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcək:

Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar. Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri 9 həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcək.

Qeyd edək ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37