“Nolar ki, adam yoldaşına qulluq da edər. Burada nə var ki?” – Tənzilə Rüstəmxanlı

“Nolar ki, adam yoldaşına qulluq da edər. Burada nə var ki?” – Tənzilə Rüstəmxanlı

ARB televiziyasında yayımlanan verilişlərin birində hüquqşünas Tağı Hüseynovun qadınlar haqqında dediyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan çıxışında hüquqşünas diplomlu xanımla ailə qurduğunu və “Nə qədər ki, mən sağam sən işləməyəcəksən” dediyini bildirib. Həmçinin, evə 10 dəfə də girib-çıxsa, ayaqqabısının təmizləndiyini, yorğun olsa, həyat yoldaşının ona corablarını geydirdiyini qeyd edib.  

Cəmiyyətdə hüquqşünasın sözlərinə münasibət bildirənlər 2 hissəyə bölünüb. Beləki, bir qisim qadın hüquqlarının tapdalandığını, digəri isə bunun qadının borcu olduğunu deyib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında  “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, əgər qadın ərinə qulluğu zorakı və məcburiyyət qarşısında qalmadan, öz istəyi ilə edirsə, bunun kimə nə dəxli var?

Tənzilə Rüstəmxanlı qeyd edib ki, əgər qadına belə xoşdursa, buyursun, ərinə qulluq etsin:

“Bu, onunla yoldaşının işidir. Bunun bizim cəmiyyətimizə nə dəxli var? Bunu niyə ictimailəşdiririk? O, niyə bunu cəmiyyətə, hamının içində deyir? Qadın və ya kişi fərqi yoxdur, bu kimi sözləri hər kəsin içində deməməlidirlər. Nolar ki, adam yoldaşına qulluq da edər. Burada nə var ki? Azərbaycan xanımları adətən evlərində yoldaşlarına qulluq edirlər. Xəstə olanda, yataqda yatanda uzun müddət qulluğunda dayanırlar. Burada qeyri-adi nə var?  Niyə bu, cəmiyyətdə bu birmənalı qarşılanır? Camaat niyə buna pis baxır?

Qadın yeri gələndə evinin xanımı da olar, qulluqçusu da. İnsanın öz evində ailəsinə qulluq etməsində qadını aşağılayacaq nə var ki? Ona xoşdur, həyat yoldaşına qulluq edir. Bu hal məcburiyyət ilə olsa, yoldaşı onu bu işlərə məcbur etsə o başqa. Amma bir dəfə yoldaşına qulluq edib, bunu ictimailəşdirirlər. Əsas problem budur.

Əlbəttə, qadına hörmət lazımdır. Önəmli olan odur ki, qadına məişət zorakılığı olmasın, döyülməsin, kişilər özlərini qadından yüksəkdə tutmasın, qadın elə bizim xidmətçimizdir deməsin. Qadın birinci növbədə anadır. Peyğəmbərimiz deyib cənnət anaların ayaqları altındadır. Qadınına hörmət etməyən evdə, anasına, bacısına hörmət etmir”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37