Paris-2024: Olimpiya həyəcanına START

Paris-2024: Olimpiya həyəcanına START

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start veriləcək.

TEMPİNFO xəbər verir ki, sayca 33-cü olan Olimpiadanın təntənəli açılış mərasimi iyulun 26-na təyin edilsə də, azarkeşlər bu gündən etibarən yarışların həyəcanını yaşayacaq.

Fransa paytaxtını coşdurmağa futbolçular başlayacaq. Kişilərdən ibarət komandaların mübarizəsi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Parisdə İspaniya Özbəkistanı, Sent-Etyendə Argentina Mərakeşi sınağa çəkəcək. Bu iki görüşlə Olimpiya çırağı yanmadan yarışın həyəcanı başlayacaq.

Futboldan 30 dəqiqə sonra reqbi-7 azarkeşləri də arenaları dolduracaq. İlk yarış günü məhz bu iki növdə oyunlarla zəngin olacaq.

Paris-2024-ün izləyiciləri ümumilikdə 20 matça şahidlik edəcək. Futbolçuların turnirində 8, reqbiçilərin mübarizəsində 12 qarşılaşma keçiriləcək. Bütün görüşlər kişi olimpiyaçıların iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtına 48 idmançı ilə təmsil olunacaq. 15 idman növü üzrə 17 proqramda çıxış edəcək olimpiyaçılarımızın startı sabah baş tutacaq. Kamandan oxatmada mübarizə aparan Yaylagül Ramazanova sıralama turunda qüvvəsini sınayacaq. Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37