Qadınların pensiyası artırılsın – TƏKLİF
- SEÇİLMİŞ
- 06.06.2024 20:12
“Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay uzadılacaq.
TEMPİNFO-nun məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov təklif edir ki, pensiya yaşı ilə bağlı differensial yaş mexanizmi tətbiq olunsun və kişilər ilə xanımların pensiya yaşı arasında fərq müəyyənləşdirilsin:
“Bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.
Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımından vacibdir. Bu baxımdan daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var”.
Millət vəkili deyir ki, digər tərəfdən kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur: “Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də, xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın”.
“Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən differensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı”, – deyə V. Bayramov əlavə edib.
TEMPİNFO