Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?
- SEÇİLMİŞ
- 30.05.2024 13:32
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər igidlərin erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.
Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb.
Bəs, hansı şəxslər üçün hərbi geyimlə gəzmək qadağandır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan və ya səfərbərliklə hərbi xidmətə cəlb olunan heyətə tərxis olunduqdan sonra hərbi geyimlə gəzməyə icazə verilmir:
“Zabit və gizir heyətinin hərbi xidmətdən sonra hərbi geyim forması gəzdirməsi haqqında şəxsiyyət vəsiqəsində xüsusi qeydlər olur. Bu qeydlər əsasında hərbi geyim daşına bilər. Digər hallarda qanunsuz olaraq hərbi geyim formasını daşıyanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub.
Lakin bu cərimələrin müvafiq icra strukturları tərəfindən tətbiq edilməməsi bəzi şəxslərin yeri gəldi-gəlmədi formada gəzməsinə, bəzən isə müxtəlif çirkin məqsədlərlə geyinilməsinə gətirib çıxarır. Bu da azmış kimi, bəziləri üzü-başı natəmiz olduğu halda hərbi geyimi daşıyırlar”.
Ekspertin fikrincə, sözügedən hal orduda xidmət edən zabitlərin və vətəndaşlarımızın haqlı narazılığına səbəb olur:
“Bu baxımdan hesab edirəm ki, bizim həm hərbi polis, həm də mülki polis orqanları belə geyimdə gəzən şəxsləri gördükdə saxlamalı və sənəd tələb etməlidir. Sənəd yoxdursa, müvafiq cəza tədbirləri reallaşdırılmalıdır. Bu mənzərə dözülməz bir hala çevrilib. Dövlət strukturlarının tədbirlərində bəzən hərbi geyimdə gələn hərbi qulluqçuların səliqəsi, geyimi qaydasında olmur.
Bundan əlavə, tədbirə gələn şəxslər öz qoşun növünə aid olmayan geyimi geyinirlər. Azərbaycanda kimə baxırsan, komando və ya XTQ formasında gəzir. Halbuki orduda həm tankçılar, həm topçular, həm də quru qoşunlarının nümayəndələri var. Ona görə də hüquq-mühafizə orqanları təcili şəkildə bu prosesin qarşısını almalıdır”.