“Qapını təpiklə açırlar, niyə əsl qaziləri ləkələyirlər, onlardan qorxuram”

“Qapını təpiklə açırlar, niyə əsl qaziləri ləkələyirlər, onlardan qorxuram”

“Taksiyə mindim, gördüm sürücü hərbi geyimdədir. Yaşı haradasa 50-55 olardı. Yolu da yaxşı tanımırdı. Hər döngədə soruşurdu ki, xanım, düz gedirik? Nə isə, birtəhər gəlib ünvana çatdıq. Gediş haqqı 7 manat 30 qəpik idi. Çıxartdım 10 manat verdim və qalığı gözlədim. Ən azı 2 manat qaytarmalıydı. Güzgüdən mənə baxıb soruşdu ki, xanım düşmürsünüz? Dedim, axı qalıq qaytarmalısınız. Qayıdasan ki, görmürsən, mən qaziyəm? Budur qaziyə qoyduğunuz hörmət?”

TEMPİNFO xəbər verir ki, bu sözləri yazıçı, tanınmış televiziya aparıcısı İlhamə Nasir deyib.

O, başına gələnlər barədə bunları deyib: “Təbii ki, bir qadın olaraq abır-həyamı, ən əsası da əsəblərimi qorumaq üçün dilləşən deyildim onunla. Amma belə tiplərin özbaşınalıqlarına nəzarət edən kimsə olmalıdır. Hələ bu yaxınlarda Sumqayıtdakı univermaqdaydım, gördüm, hərbi geyimli bir nəfər qızıl şöbəsindəki qıza nəsə deyir, qız da yalvarır ki, vallah, mən satıcıyam, mənim ixtiyarım yoxdur. Sonra şöbəyə bir təpik vurub oradan uzaqlaşdı. Sən demə, qıza deyirmiş ki, mən ürəyim istəyən restoranlarda yeyib-içirəm, pul almırlar, indi sən kimsən ki, mənə bir qızılı pulsuz verməyəsən?”

İlhamə Nasir vurğulayıb ki, bu, özbaşınalıqdır və qazi adından sui-istifadə edənlərlə TV kanallarında da tez-tez qarşılaşdığını bildirib: “TV kanallarına şikayətə gələnlər qapını təpiklə açıb içəri girirlər. Bu qədər olmaz axı! Niyə insanları iyrəndirirlər? Niyə əsl qaziləri ləkələyirlər? Vallah-billah əsl qazilər – necə ki kişi kimi döyüşüblər, eləcə kişi kimi də səssiz-səmirsiz həyatlarını yaşayırlar. Yoxsa bu nədir belə? İnanın ki, mən ta hərbi geyimdə gəzənlərdən qorxuram. Halbuki o geyimi necə müqəddəsləşdirmişdik…”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37