“Qarabağ”dan antirekord

“Qarabağ”dan antirekord

“Qarabağ” tarixinin antirekordunu təkrarlayıb.

TEMPİNFO xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bunu Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”a uduzmaqla rəsmiləşdirib.

0:3 hesabı ilə məğlub olan Ağdam klubu ardıcıl 5-ci avrokubok görüşündən məyus ayrılıb. Təmsilçimiz bunadək keçirdiyi son 4 qarşılaşmada da uduzmuşdu. Çempionlar Liqasında Zaqreb “Dinamo”suna 0:3 və 0:2 məğlub olan “Qarabağ” Avropa Liqasında “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə yenilib.

Avrokuboklarda ardıcıl 5 məğlubiyyət klub tarixinin antirekordunun təkrarıdır. “Qarabağ” 1999-2004-cü illərdə də belə seriya yaşayıb. 1999-cu ildə Hayfa “Makkabi”sinə 0:1, “Monpelye”yə 0:3 və 0:6 hesabı ilə uduzan Ağdam klubu 5 il sonra “Dukla”ya yenilib – 0:3, 0:1.

Həmin vaxt bütün görüşlərdə quru hesabla uduzan təmsilçimiz elə indiki kimi 3 dəfə böyükhesablı məğlubiyyət alıb. 1999-2004-cü illərdəki seriyada top fərqi 0-14, indi isə 1-13-dür. Maraqlıdır ki, hər iki seriya müddətində 14 qol vurulub. Lakin 20 il əvvələ qədər davam edən seriyada “Qarabağ” fərqli məşqçilərlə məğlub olub. Bu dəfə isə 5 yenilgi də eyni mövsümdə və Qurban Qurbanovun dövrünə təsadüf edib.

Qeyd edək ki, üç oyunda xal qazanmayan “Qarabağ” Liqa mərhələsinin turnir cədvəlində 36-cı pillədə qərarlaşıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37