“Quska”nın anası şahid kimi ifadə vermək istəmədi

“Quska”nın anası şahid kimi ifadə vermək istəmədi

“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahid İlqar Mustafayevin istintaqda  verdiyi ifadəsi elan edilib.

Bu şahid əvvəlki prosesdə məhkəmə heyətinin suallarını cavablandırmışdı. O, uzun illər Hüseyn Abdullayevin ailə üzvlərinin mülkiyyətlərini və təsərrüfat işlərini idarə edib. “Quska”ya xaricdən mənbəyi bilinməyən pullar köçürülməsindən isə xəbərsiz olduğunu deyib.

Amma İlqar Mustafayev əvvəl başqa cür danışıb. Müstəntiq ondan “Quska”ya xaricdən köçürülən pullardan danışmasını istəyib. O, bundan məlumatlı olduğunu təsdiq edib: “Bəli, xəbərim var idi. Amma müdirim olduğu üçün pulun mənbəyini soruşa bilmirdim. Həm də onun maliyyə işlərinə Azadə Cəfərova baxırdı. Bu məsələlərə də o məsul idi. Mən 2015-ci ilin sonlarında Hüseyn Abdullayevlə yollarımı ayırdım. Ondan sonra işlərini Ruhid Əkbərov adlı şəxs aparırdı”.

Məlumat üçün deyək ki, Ruhid Əkbərov H.Abdullayevin əvvəlki cinayət işinin ilkin istintaq müddətində vəkili olub. Hazırda dələduzluq cinayətinə görə həbsdədir.

Şahid əvvəlki ifadəsində bir neçə dəfə müxtəlif bank hesablarından 25 min dollar bir, 40 min dollar bir pul çıxardığını və təqsirləndirilən şəxsə və anasına çatdırması üçün Azadə Cəfərovaya verdiyini qeyd edib.

Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva da cinayət işi üzrə şahid qismində tanınıb. Abdullayeva bu gün məhkəmə qarşısına çıxıb. Sədrlik edən hakim Azər Tağıyev ona izah edib ki, oğlunun əleyhinə ifadə verməmək kimi hüququ var. 

“Oğlumun əleyhinə nə deyə bilərəm?!” – bildirən Z.Abdullayeva ifadə verməkdən imtina edib.

Bu ərəfədə təcridxanadan prosesə onlayn qoşulan müttəhim səhhətindən gileylənib: “Mənim vəziyyətim pisdir. Nə bilirsiniz mən qeyri-qanunu gəlir əldə etmişəm? Bir dənə fakt qoyun ortaya… Dayana bilmirəm, qurtarın bu işi”.

Prosesin davamında daha iki şahid ifadə verib. Həmin şahidlər təqsirləndirilən şəxsi etibarnamə ilə təmsil edən Azadə Cəfərova ilə ev alqı-satqısı ediblər. Bir neçə şahid isə məhkəməyə teleqram göndərib ki, üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəklər.

Müdafiə tərəfi də buna etiraz etməyib. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov həmin şahidlərin istintaq vaxtı dediklərini mübahisələndirmək fikrində olmadıqlarını bildirib.

Məhkəmə müdafiənin mövqeyini qəbul edib. Onlardan bəzilərinin ifadəsi elan edilib, bəzilərinki isə elan edilmiş hesab edilib. Şahidlər teleqramlarında təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını yazıblar.

Qalan beş şahidin məhkəmədə iştirakını təmin etmək məqsədilə proses oktyabrın 17-nə kimi təxirə salınıb.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlər ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37