Rayonlarda fantastik otel qiymətləri – Günü 2 min manat – SİYAHI
- MANŞETSON XƏBƏRTURİZM
- 06.08.2024 12:56
Artıq yayın bitməsinə bir neçə həftə qalıb. İstirahət üçün rayonlara yollanan vətəndaşlar imkanlarından asılı olaraq, otel, kottec və ya günlük evlər tuturlar.
Bakupost.az avqust ayı üçün rayonlarda otel qiymətləri ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, hər il olduğu kimi bu il də qiymətlər “od tutub yanır”. Hətta bu gün 5 manat ucuz olan otel sabah 5 manat daha baha ola bilər.
Qubada yerləşən məşhur “Quba Palace” otelində qiymətlər 2 nəfər üçün 455 manatdan başlayır. Buraya səhər-axşam qidalanma, SPA xidmətləri daxildir. Daha lüks şəkildə dincəlmək istəyənlər üçün isə qiymətlər 2120 manata qədər qalxır. Təbii ki, bunlar 8 nəfərlik, həyətində hovuzu olan villalardır. Otel avqustun 31-dək yalnız Azərbaycan vətəndaşlarına özəl, “Azərbaycanım” kampaniyası ilə 10% endirim təqdim edir. Araşdırmamız zamanı o da aydın oldu ki, bu oteldə əvvəlki qiymətlər 170-240 manat arasında dəyişib.
“Mountain Breeze” otelində 2 nəfərlik kottec 120, 4 nəfərlik isə 200 manatdır.
“Macara Lake Park” otelində 1 gecəlik ekonom otaqlar 140 manatdır. Qiymətə səhər yeməyi, SPA xidmətləri, qapalı hovuz daxildir. Ümumiyyətlə, 2 nəfərlik otaq qiymətləri 230 manata kimi dəyişir. Oteldə 120 manata taxta, 220 manata isə daş kotteclər var. Qeyd olunan məbləğlər həftəiçi qiymətlərdir. Həftəsonu isə 20 manat daha yüksək olur.
“Cənnət bağı”ında 2 nəfərlik standart otağın qiyməti 90 manatdır.
Şamaxıda “Shamakhi Palace”da səhər yeməyi daxil 270 manat, səhər-axşam yeməyi 320 manat, 3 dəfə qidalanma isə 380 manatdır. Əvvəllər isə qiymət 200 manat olub.
Şamaxıdakı “Göyqurşağı” otelində isə qiymətlər həftəiçi 90, həftəsonu 100 manatdır. Kotteclərində isə qiymətlər 100-120 manat arasında dəyişir.
“Sakit göl” otelində də qiymətlər həftəiçi və həftəsonuna görə dəyişir. Əgər həftəiçi gedirsinizsə, 1 günü 195 manat, həftəsonu isə 215 manatdır. Buraya ancaq səhər yeməyi daxildir. Oteldə kotteclər də var, qiymətləri eynidir. 4 nəfərlik kottec 305 manata təklif edilir. Əvvəllərki qiymətlər 170-210 manata olub.
“Qalaaltı” otelində əsas binada 2 dəfə qidalanma 280, 3 dəfə qidalanma 320 manatdır.
Şabranda “Shabran Wellbeing” otelində 2 nəfər üçün qiymət 155 manat, kottecdə isə 190 manatdır. Lakin qiymətlər günə, adam sayına görə dəyişir. Lüks otaqların qiyməti isə 410 manatdır. Buraya səhər yeməyi və masajsız SPA daxildir.
Qəbələdə “Qafqaz Riverside” otelində 1 gecə qalmağın qiyməti 384 manatdır. Buraya səhər-axşam yeməyi daxildir. Əvvəllər isə qiymət 173 manat olub.
Qəbələdə “Qafqaz Tufandağ” otelində qiymət 400 manatdır və buraya tək səhər yeməyi daxildir.
“Gabala garden” otelində 2 nəfərlik 263 manat, “Nohurgöldə” isə gecələmək 180-430 manata qədərdir.
Şəkidə “Marxal” otelində isə qiymətlər otağın eyvanlı-eyvansız olmağına görə dəyişir: 170-190 manat. Əvvəlki illərdə isə qiymətlər isə 150-170 manat olub.
“Sheki Park” otelində isə 2 nəfər üçün qiymət 150 manatdır. Buraya səhər yeməyi daxildir.
Lənkəranda “Lankaran Springs Vellnes Resort”da həftəiçi 2 nəfərlik tək səhər yeməyi ilə 220 manat, 2 dəfə qidalanma 280, 3 dəfə qidalanma 320 manat olacaq. Həftəsonu qiymətlər 240-300-340 manatdır. Bu oteldə də SPA qiymətə daxildir. Masaj xidməti isə ödənişlidir. Daha əvvəlki illərdə isə qiymət 1 gecə üçün 175 manat olub.
Lənkəranda Riva Hill oteldə isə 2 nəfərlik nömrənin qiyməti 159 manatdır.
Qaxda “Bergs Hotel & Restaurant” otelində 1 gecə qalmaq 109 manatdır. Buraya səhər yeməyi daxildir.
“Hilltop Heaven” otelində isə 2 nəfərlik nömrə səhər yeməyi daxil 115 manatdır.
Astarada dəniz sahilində “Terras” otelində isə qiymətlər daha münasibdir. 4 nəfərlik 70 manat. Bura yemək daxil deyil.
İsmayıllıda “Basqal Resort & Spa” otelində qiymətlər 170 manatdan başlayır. Burada cümə və şənbə günləri istisna olmaqla 1-15 avqust tarixlərində kampaniya elan edilib. Belə ki, standart tipli otaqlar 170 manat, Superior tipli otaqlar 190 manat, Deluxe Suite tipli otaqlar 240 manat, Family Suite tipli otaqlar 380 manat, kotteclər isə 480 manatadır. Eyni zamanda, hovuzlu kotteclər də var ki, burada 1 günlük gecələmək 640 manatdır. Həmçinin bütün SPA xidmətlərinə 10% endirim tətbiq olunacaq.
“Şəki yaylası” otelində isə səhər yeməyi daxil 2 nəfər 120 manat, 3 nəfər 130 manat ödəməlidir.
Əlavə edək ki, qiymətlərin baha olması səbəbindən insanlar daha çox günlük evlərə üstünlük verirlər. Bu cür kənd evləri daha ucuz başa gəlir. Məsələn, Lerikdə 5 nəfər üçün günlük kirayə ev 60-120 manatdır.