Rəşad Nəbiyev dünya çempionları ilə görüşüb

Rəşad Nəbiyev dünya çempionları ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.

TEMPİNFO xəbər verir ki, görüşdə ACF rəhbəri komandanı, xüsusilə Hidayət Heydərov və Zelim Kotsoyevi Abu-Dabidə keçirilən dünya çempionatında qazandıqları qızıl medallar münasibətilə təbrik edib.

O, dünya çempionatında 2 qızıl medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb.

Nəbiyev bu əlamətdar nəticənin əldə edilməsində ölkə rəhbərliyinin, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının əsas və önəmli rol oynadığını qeyd edib. Həmçinin, o bildirib ki, ölkə rəhbərliyinin hər iki idmançımızı təbrik etməsi onları Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələrə ruhlandırıb.

O, bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Federasiya prezidentinin sözlərinə görə, fəaliyyətləri təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, qurumun təşəbbüsü ilə həyata keçirilən “Qızlara Ağ Yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.

Görüş zamanı bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, Olimpiya Oyunlarına yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakıda, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcəklər. Məlumat verilib ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların qarşıdakı Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmasını təmin etmək üçün nəzərdə tutulub.

Nəbiyev yekunda qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunlarında milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37