“Röya oxuyanda hamı yemək yeyirdi, heç kim onu dinləmirdi” — Qalmaqallı açıqlama

“Röya oxuyanda hamı yemək yeyirdi, heç kim onu dinləmirdi” — Qalmaqallı açıqlama

Məşhurlar tez-tez sosial mediada müğənnilərlə bağlı yazılan neqativ yazılar, başlıqlar, orada yer alan şərhlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. 

Onlar vaxtaşırı müğənnilərə qarşı aqressiya olduğundan gileylənirlər.

Bəs bu aqressiyanın səbəbi nədir? Niyə müğənnilər hər addımlarında bu qədər qınanırlar?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bunun səbəblərini açıqlayıb:

“Şou-biznes nümayəndələrinə qarşı olan qıcıq onların şişirtmə qiymət artımlarından  irəli gəlir. Nə olsun ki, onlar vəzifədə deyillər, amma vəzifəli adamların toy məclislərinə gedirlər. Çünki o pulu onlara ancaq vəzifəli şəxslər verə bilir.

Bu hal da onları sevən insanların içində bir aqressiya yaratdığından həmin müğənnilər haqda, onların yaşayış tərzi, əxlaq, geyim kodeksləri haqqında bəzi fikirlər yaradır.

Məsələn, bu yaxınlarda “Dalğa beach”də Röya Ayxanın konserti oldu. Həmin konsertdə müəyyən təbəqə oturmuşdu, bəzisi ayaq üstdə idi, bəzisi isə səhnədən yarım kilometr uzaqda dayanıb onu dinləyirdi. Röya xanım səhnədə olanda “Ey mənim bahalı qonaqlarım” deyə bir cümlə işlətdi. Bu isə iki cür başa  düşülə bilərdi. Röya həmin konsertə gəlib başı restoranın yeməyinə qarışan, qarnını düşünənlərə bir növ bu cür səsləndi. Bu çağırış sanki onları silkələdi ki, bura müğənnini dinləməyə gəlmisiniz, yemək yeməyə yox. Çünki müğənniyə çatan, onu sevindirən izləyici alqışı, onların çiçək dəstələridir.

Həmin konsertdə ayaq üstə uzaqdan mahnı dinləyənlər Röyanı daha çox sevir, daha çox alqışlayırdı, amma təəssüflər olsun ki, həmin təbəqə sabah Röyanı öz toy məclisinə çağıra bilməyəcək. Bax, müğənnilərə qarşı aqressiya da məhz buradan başlayır. Sosial şəbəkələrdə neqativ şərhlər yazanlara baxın. Görün onlar hansı kateqoriyadandırlar, həmin şəxslər tənqid etdikləri məşhuru toyuna dəvət edə bilməyənlərdir”.

A.Ələkbərova qeyd edib ki, bu gün məşhurlar daha çox bahalı geyimləri, həyat tərzləri ilə gündəmə gəldikləri üçün bu, sıravi vətəndaşlarda qıcıq doğurur:

“Sovet dövründə Zeynəb Xanlarovaya insanların əli çatmırdı, lakin o, Ağdamın “İmarət”ində gəlib konsert verdikdə bütün kütlə ora axışırdı. Hər kəs sənətçini bircə dəfə görmək arzusunda olurdu, televizorda Zeynəb Xanlarovanın çıxışını həvəslə gözləyirdilər. Onun “gecələr yatmıram, libaslarımı özüm tikirəm” deməsi insanlara maraqlı idi. Bu günsə müğənnilər yalnız geyindikləri libasların qiymətləri ilə gündəmə gəlirlər. Buna əli çatmayan insanlarda həmin müğənniyə qarşı aqressiya yaranır və neqativ şərhlər yazırlar”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37