Rüfət Quliyev: Bəllidir ki, “MC Donald’s”ın satdığı məhsullar zərərlidir, kökəlməyə səbəbdir, amma…
- SİYASƏTSON XƏBƏR
- 31.05.2024 16:14
“Təbii ki, “MC Donald’s” bizə müharibədə dəstək olsaydı, daha yaxşı olardı. Praktiki “MC Donald’s”ın bütün dünyada şəbəkəsi var. Bizdə azad rəqabətli bazar iqtisadiyyatıdır. Yəni şirkət gəlib ölkəmizdə fəaliyyət göstərir, öz məhsulunu istehal edir və satır. Vergilərini də ödəyir, eyni zamanda bu şəbəkədə minlərlə insan çalışır. Yaxşı, bu şəbəkələr bağlansa, axı həmin insanlar işsiz qala bilərlər. Bəs bu barədə düşünmürük? Bəli, bütün dünyaya bəllidir ki, “MC Donald’s”ın satdığı məhsullar zərərlidir, kökəlməyə səbəbdir. Belə məhsulları yemək müsbət hal deyil. Mən özüm də təsadüfən ayda bir dəfə, iki aydan bir “MC Donald’s”a gedib nəsə yeyirəm. Məsələn, qamburger. Xoşuma gəlir, gedirəm. Kim yemək istəmirsə, kökəlməkdən qaçırsa, zərərli tərəfini düşünürsə, yeməsin. Bu, azad seçimdir. İnsan özü bilər, “MC Donald’s”a, “KFC”yə gedər, yaxud türk, Azərbaycansayağı restoranlara. “MC Donald’s”ı ən çox tənqid edən elə Amerikanın özüdür. Kanada şirkəti olsa da, kökünün bir hissəsi Amerikadadır. Amma baxın, tənqid edirlər, yenə də bağlamırlar. Yəni “MC Donald’s”ın Azərbaycanda bağlanması məsələsini qaldırmaq düzgün deyil. Düşünmək lazımdır ki, bunun müsbət və ya mənfi tərəfləri nədir”.
TEMPİNFO xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakıda “MC Donald’s”ın yeni filialının açılmasına qarşı səslənən etirazlara münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, dünyada tanınmış, təxminən, 5 mindən yuxarı şirkət Azərbaycanda fəaliyyət göstərir: “Eşitməmişəm ki, bunların əksəriyyəti Vətən müharibəsi dövründə aktiv şəkildə Azərbaycandan tərəf olsunlar. Dünyada tanımış bəzi xarici şirkətlər müharibədən qabaq Qarabağ ərazisində bizim resurslarımızı qanundankənar istismar ediblər. Məsələn, onların arasında ən birincisi məşhur qızıl saat brendləri və qızıl əşyalar istehsal edən şirkət də var. Adını çəkmirəm, çünki aldığım məlumata görə, hazırda hüquqi müstəvidə işlər gedir. İlk növbədə bunlarla mübarizə aparmaq lazımdır. Onda Dövlət Vergi Xidmətindən bu şirkətlərin siyahısını götürək, bir-bir onları yoxlamağa başlayaq ki, müharibədə bizə dəstək olublar, ya yox. “MC Donald’s” və ya digər şirkətlərin bağlanması, yaxud onları boykot etmək bizim milli maraqlarımıza sərf edir? Bir neçə müsəlman ölkəsində bir ara fransız şirkətlərinin məhsullarını boykot etdilər, məhsullar alınmadı, satış üç-dörd dəfə azaldı. Elədirsə, o formada düşünək. Hansısa şirkətləri hədəfə götürürüksə, düşünməliyik ki, hansından daha çox faydalana bilərik? Bağlanmasından, yaxud fəaliyyət göstərməsindən? İşsiz qalan insanlara kim necə izah edə biləcək ki, bu sənin problemin yox, milli problemdir. Bütün bunlar mənim şəxsi fikirlərimdir”.
TEMPİNFO