Rusiyalıların Azərbaycan macəraları: Uğursuz, qoca, çılğın – TƏHLİL

Rusiyalıların Azərbaycan macəraları: Uğursuz, qoca, çılğın – TƏHLİL

Bu həftə Kurban Berdiyevin “Turan Tovuz”un baş məşqçi postuna təyinatının rəsmiləşməsi ilə əlamətdar olub. Qocaman mütəxəssis Azərbaycan futbolu tarixinə klublarımıza rəhbərlik edən 4-cü rusiyalı kimi düşəcək.

İdman.biz Berdiyevin həmyerlilərinin Azərbaycan macəralarını təqdim edir.

Gecikən siftə
Klublarımız 1992-ci ildən müstəqil çempionat keçirməyə başlasa da, ilk əcnəbi baş məşqçi 2001/02 mövsümündə ölkəmizə qədəm qoysa da, Rusiyalı mütəxəssislər Premyer Liqamızı gec kəşf ediblər. Bu da səbəbsiz deyil. Onsuz da rusiyalı məşqçilər ölkələrindən kənardakı işləri ilə göz qamaşdırmır. Buna görə də Azərbaycan klubları da güclü məşqçi məktəbi ilə öyünməyən ölkəyə çox ehtiyac duymayıb. Bu, o demək deyil, Rusiya məşqçiləri zəifdir. Amma onlar Avropada aparıcı rollarda da deyillər. Bu üzdən də ilk rusiyalının klublarımızdakı debütü 2011/12 mövsümündə gerçəkləşib.

Yaxşı hücumçu, ortabab məşqçi
Sergey Yuran futbolçu kimi MDB-nin hər yerində olduğu kimi Azərbaycanda da simpatiya qazananlardan olub. Ölkəmizə baş məşqçi kimi gələn mütəxəssis heç də simpatiyaya layiq nəticələrlə yadda qalmayıb. “Simurq”un ümidlərlə dəvət etdiyi Yuran artıq XXI turdan sonra istefaya göndərildi. Buna cəmi 5 qələbənin olması, kubokdakı ilk matçda məğlubiyyət, bir sözlə uğursuz Zaqatala karyerası səbəb olub. Onun ölkəmizdəki uğursuzluğu yaxşı hücumçunun ortabab məşqçidən artıq olmadığını göstərib.

Cığıraçan qoca
Yuranın Azərbaycandakı uğursuzluğu rusiyalı mütəxəssislərə ölkəmizdəki inamı azaldacağını gözləmək olardı. Amma onun gedişindən ilyarım ötməmiş Yuri Syomin Premyer Liqada peyda olub. 66 yaşlı “qoca” həmin vaxta qədər heç bir uğuru olmayan “Qəbələ”nin “sükanı arxası”na keçib. Təbii ki, Syomin Yuran deyildi. Buna onların məşqçi karyeralarındakı böyük fərq də dəlalət edir. “Qırmızı-qaralar”ı uğurlara aparan yol da rusiyalı ilə başladı. İlk dəfə Premyer Liqada medal – bürünc qazanıldı. Komanda kubokun finalında “Neftçi”yə penaltilər seriyasında uduzdu. Komandasını 44 matçda 21 qələbəyə daşıyan və növbəti illərdəki uğurlarına cığır açan Syomin avrokubklardakı debütü gözləmədən vətəninə yollanıb.

“Qırmızı” sevgisi
Syomindən sonra rusiyalıların Azərbaycana yolu bağlanıb. Onun “Qəbələ”yə vida etməsindən təxminən 7 ildən sonra Murad Musayev Bakıda peyda olub. O, tez-tez baş məşqçi dəyişən “Sabah”ın “sükanını” qəbul edib. 2021/22 mövsümünün gedişində ölkəmizə gələn çalışdırıcı növbəti çempionatı tam işləyib. 2023/24 mövsümünün ikinci yarısında klubuna vida edən Musayev komandası ilə 87 oyunda 48 qələbə qazanıb. Amma çılğınlığı ilə ad çıxaran, qırmızı vərəqə almadan sanki qala bilməyən mütəxəssis bu matçların bəzilərini cəza səbəbindən texniki zonadan kənardan baxıb. “Sabah”a tarixinin ilk medalını – gümüşü qazandıran Musayev Syomindən də yüksək əyarlı mükafata sevinib. Avrokubokda mərhələ adlamaq da onun aktivinə yazılmalıdır. Çılğın olmasına baxmayaraq, həm də yetərincə uğurlu olan mütəxəssis həm “Qarabağ”la rəqabət apara bilmədiyindən, həm doğma “Krasnodar”ının maraq dairəsindən olmasına görə Bakı klubundan ayrılıb.

Maraqlıdır ki, rusiyalıların üçü də ortabab sayılan komandaları qəbul edib. Yuran uğursuzluğa düçar olub, Syominlə Musayev isə onlara olan etimadı doğrultmaqla klubu iddialılar sırasına çıxarıb. İndi növbə 72 yaşlı Berdiyevdədir. O da həmyerliləri kimi ortabab komandaya gəlib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37