Sərxoş halda avtomobil idarə edən sürücünün xəstəliyi polisləri şoka saldı

Sərxoş halda avtomobil idarə edən sürücünün xəstəliyi polisləri şoka saldı

Belçikada üç dəfə sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalanan, lakin cəzalandırılmayan sürücünün hekayəsi bütün dünyada böyük marağa səbəb olub.

40 yaşlı kişinin cəzalandırılmamasına səbəb onun “Auto Brewery Sendrom”dan (ABS – “avto-pivə sindromu” ) əziyyət çəkməsi olub və bunu tibb mütəxəssislərinin köməyi ilə sübut edib.
Medicina.az xəbər verir ki, bu, həzm sistemində qıcqırma nəticəsində yaranan nadir xəstəlikdir. Bu zaman orqanizm özbaşına spirt istehsal edir.

Bu xəstəliyə tutlanların hekayələri çox maraqlıdır.

Məsələn, Rey Lyuis 2014-cü ilin dekabr ayında ABŞ-ın Oreqon ştatındakı xəstəxanada gözlərini açanda iki şeydən əmin idi: birincisi, texniki işçi işlədiyi Balıq və Vəhşi Təbiət Departamentinə aid 11 min diri qızılbalığın olduğu yük maşını ilə qəza törətmişdi; ikincisi isə onun qanında yüksək miqdarda spirt olmasına baxmayaraq, qəza baş verən axşam bir damcı belə spirtli içki qəbul etməmişdi.

54 yaşlı Lyuis deyir: “Mən əlbəttə ki, bir qurtum da spirtli içki içməmişdim, çünki bilirdim ki, qarşımda donmuş yollarda avtomobillə iki saatlıq yol olacaq”.

Qəzadan səkkiz ay sonra Lyuis sərxoşluğunun səbəbini öyrəndi. Onun bədəni bunu öz başına edirdi və Lyuisə ABS diaqnozu qoyuldu.

ABS nədir?

Bağırsaq fermentasiya sindromu olaraq da bilinən ABS, heç vaxt spirtli içki qəbul etməmiş olsa belə, bir insanın qanında spirt səviyyəsinin artması və onu sərxoş etməsi kimi izah edilə bilər. Bu, bağırsaqlarda, ifrazat sistemində və ya ağızda olan bakteriya həzm olunan karbohidratları və şəkəri spirtə çevirdikdə baş verir. Bu prosesə endogen spirt istehsalı deyilir. Bunu yaşayan insanın nitqi və yerişi pisləşə bilər və səhərlər özünü çox pis hiss edə bilər.

İlk şübhəli hallardan biri 1940-cı illərdə görülüb. “British Medical Journal”da dərc olunan bir hesabatda Uqandadakı bir xəstəxananın həkimləri, mədəsinin yırtılması nəticəsində ölən 5 yaşlı uşağın həzm sistemindən güclü spirt iyi gəldiyini qeyd ediblər.

Kimlərə təsir edir?

ABS çox nadir bir sağlamlıq problemidir. 2021-ci ildə “American Journal of Gastroenterology”də dərc olunan bir araşdırma göstərir ki, ABŞ-da qeydə alınan hadisələrin sayı 100-dən azdır. Ancaq mütəxəssislər hər bir hadisənin qeydə alındığını düşünmürlər.

Həkimlər hələ də bəzi insanların niyə bundan əziyyət çəkdiyini başa düşə bilməyiblər. İnsan orqanizminin həzm prosesinin bir hissəsi olaraq az miqdarda spirt istehsal etdiyi məlumdur. Ancaq bir çoxumuzda bu spirt qana daxil olmamışdan əvvəl “ilk keçid effekti” adlanan proseslə xaric edilir.

Xəstəliyə necə diaqnoz qoyulur və müalicə edilir?

Həkimlər əvvəlcə simptomların digər mümkün səbəblərini istisna edirlər. Daha sonra xəstənin həzm sistemindəki bakteriya profilini araşdırmaq və spirt istehsal etdiyi bilinən anormal mikroorqanizmləri axtarmaq üçün testlər aparırlar. Sonra isə xəstə qlükoza testindən keçirilir. Bu testdə xəstədən acqarına qlükoza qəbul etməsi və ya yüksək karbohidratlı yeməklər yeməsi xahiş olunur. Bir neçə saatdan sonra ABS olmayan insanların qanında demək olar ki, aşkar edilməyən spirt səviyyəsi müəyyən edilir. ABS xəstələrində isə spirt miqdarı yüksək olur.

Dr. Dinis-Oliveyra deyir ki, ABS adətən dərmanlar, aşağı karbohidratlı pəhriz və bağırsaq florasını tənzimləyən qida əlavələri kombinasiyası ilə nəzarət altında saxlanıla bilər.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37