“Şamaxı FK” ali təhsilli kölə axtarır”
- İDMANSON XƏBƏR
- 08.06.2024 19:31
“Şamaxı” I Liqadan Premyer Liqaya vəsiqə qazananda hamı sevindi. Sevindik ki, deməli, klub I Liqaya düşsə də, dağılmadı və xarakter göstərib elitaya vəsiqə qazandı. Üstəlik, Bakı klublarındansa, hansısa bölgəmizin Premyer Liqada təmsil olunması futbolumuz adına yaxşı amil sayıldığından, papağımızı göyə atıb sevindik.
Di gəl ki, komanda Premyer Liqaya yüksəlsə də, bu, zahirən belədir. Klub hələ də I Liqa səviyyəsində idarə olunur. İlk belə cücərti oradan başladı ki, klub rəhbərliyi Premyer Liqaya onu çıxaran Ramiz Məmmədov və onun məşqçilər korpusu ilə yolları ayırdı. Vüqar Əsgərlinin klubdan ayrılmasından sonra yerinə gətirilən Ramiz Məmmədov bəyənilmirdisə, niyə bu təyinat gerçəkləşmişdi? Əgər Ramiz Məmmədovun məşqçilik işinə şübhə vardısa, niyə başqa məşqçi əvvəldən başqası qoyulmamışdı?
Görünür, klub başbilənləri komandanın məşqçisiz də Premyer Liqaya çıxa biləcək səviyyədə olduğunu düşünüb ki, belə addım atdı. Klubun İdarə Heyətinin sədri Elçin Usub bunu bilmir, bəs illərdir ki, futbolumuzun içində olan baş menecer Kamran İsmayılov da bilmirdi ki, bu, mümkünsüz bir şeydir?
Ancaq klub rəhbəri Elçin Usub bir hüquqşünas kimi bunu mütləq bilməlidir ki, düzgün etmir. Söhbət klubun bu gün marketinq mütəxəssisi axtarışı ilə bağlı elandan gedir.
Marketinq mütəxəssisi axtarmaq gözəl bir şeydir. Ancaq 500 manata yox. Klubun sosial şəbəkə hesabı bu postdan sonra top-tüfəngə tutulub. Bu şərh isə tam yerinə düşüb: “Şamaxı FK” ali təhsilli kölə axtarır”.
Usub yoldaş, heç şübhəsiz, hüquqşünas kimi bilirsiniz ki, köləlik qanunla qadağandır. O zaman belə idarəçiliklə özünüzü güldürməyin. Belə idarəçiliklə klub Premyer Liqada çox qalmaz, növbəti mövsüm ora ilə vidalaşar.
Vasif Şükür/prosport.az
P.S. Klub hələ də baş məşqçi Ayxan Abbasovun keçidini elan edə bilmir…