“Şamaxı” futbol klubu oyunçuların maaşını niyə vermir? – Rəsmi AÇIQLAMA

“Şamaxı” futbol klubu oyunçuların maaşını niyə vermir? – Rəsmi AÇIQLAMA

“Şamaxı” futbol klubundan ayrılan futbolçular iki aydır əməkhaqqını ala bilmirlər.

Bu barədə klubun oyunçuları məlumat yayıblar.

Komandadan gedən bir neçə futbolçu klubda qalanlara pul verildiyini, lakin gedənlərinsə pulunu vermədiklərini qeyd ediblər:

“Get-gələ salırlar. Nə vaxt zəng vururuq, gözləyin deyirlər. Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşlarını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib? Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək.”Şamaxı” rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiniz, şikayət edin, bizə heç kim heç nə edə bilməz”.

Məsələ ilə bağlı “Şamaxı” futbol klubu ilə əlaqə saxladıq.

Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov Bizim.Media-ya maaşların gecikmə səbəbini deməsə də, faktı təsdiqləyib.

“Bəli hal-hazırda müəyyən pul gecikmələri var. Biz də klub olaraq çalışırıq ki, bu gecikmələri aradan qaldıraq. Əmək haqqlarını verməkdən imtina etməyə gəldikdə isə bilmirəm belə informasiya haradan qaynaqlanır, tam əsassızdır. Hətta gecikmə olan futbolçulara da bildirmişik ki, ən qısa zamanda yaranan gecikmələr aradan qaldırılacaq”.

O, oyunçuların maaşa görə klubdan ayrılması məsələsinə də aydınlıq gətirib:

“Əmin edə bilərəm ki, bu gecikməyə görə heç kim klubdan ayrılmayıb. Müqaviləsi davam edən, yenilənən futbolçular hazırda komandadır. Bir daha bildirirəm ki, gecikməsi olan futbolçular əmin olsun ki, onların pulu son qəpiyə kimi ödəniləcək”.

Xatırladaq ki, əvvəlki illərdə də klubun oyunçuları maaşların gecikməsi ilə bağlı narazılıqlarını media vasitəsilə dilə gətiriblər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37