Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub – VİDEO

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub – VİDEO

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb olub.

TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd, Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37