Şeyx: “Kino” adı ilə kazino, əxlaqsızlıq yuvası açanlar istəyirlər ki…”
- MƏDƏNİYYƏTSON XƏBƏR
- 26.06.2024 11:11
Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) kino sahəsində çalışan 40 nəfərdən ibarət incəsənət nümayəndəsinin Mədəniyyət Nazirliyi tərəfindən yaradılan Ekspert Şurası barədə etiraz bəyanatı yaymasına münasibət bildirib.
TEMPİNFO xəbər verir ki, Ə.Mahmudov Pravda.az-a açıqlamasında deyib ki, bəyanat yayanlar köhnə hava çalıb-oynayırlar.
“Heç birinin nə savadı var, nə də dünyagörüşü. Bunlar hələ də başa düşmürlər ki, cənab Prezidentin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin nəzdində Kino Agentliyi yaranıb. Rəsmi statusu olan təşkilatdır. Bütün səlahiyyət ona verilib. Orada toplanan insanların hamısı kino sahəsinə aid olan insanlardır. Kino İttifaqı daxil olmaqla, hamısı dövlət büdcəsindən maliyyələşir. Dövlət büdcəsi ilə fəaliyyət göstərən ictimai təşkilat ola bilməz. Belə bir şey yoxdur. Bunlar elə bir ucundan tutublar… İstəyirlər ki, özbaşınalıq, dərəbəylik olsun, kim nə istəyirsə, etsin. Bu nə düşüncədir, başım çıxmır. Bəyəm anarxiyadır? Onsuz da kino pis gündədir də, daha nə istəyirsiniz ki? İmkan vermirlər ki, Nazirliklə Kino Agentliyindəki normal düşüncəli insanlar bir araya gəlsinlər, kinomuzun dərdini, problemini yoluna qoyaq. Bu 40 nəfər kimdir, hərəsi özündən bir şey çıxarır. Nə səlahiyyətləri var? Hansı imkanları var ki, gəlib özbaşına kino yaratsınlar? Hansı mədəniyyət, hansı arxa-dayaqla? Belə özbaşınalıq ola bilməz axı. Nazir özbaşına fəaliyyət göstərmir ki. Kino Agentliyi böyük bir təşkilatdır. Kadrları, rəhbəri var. Hərəsi kənarda gəzir, hərə özünə bir “prodakşn” açıb, gic-gic işlərlə məşğuldur. Utanmırlar, yerə girmirlər. Camaatı televiziyadan bezdirirlər. 100 seriya belə gəldi, 1000 seriya belə getdi. Elə kino çəkirlər? Hələ utanıb peşəkarlıq, sənət öyrənməkdənsə, istəyirlər ki, özbaşınalıq yaratsınlar, bütün ayıbları orada yox olsun. Ölünü özbaşına qoysan, şıllaq atıb, kəfənini cırar… Heç kim müstəqil, özbaşına heç bir iş görə bilməz. Harada görə bilirlər, gedib orada görsünlər. Azərbaycanın dövləti, nazirliyi var. Rəsmi Agentlikdə hər şey dövlət səviyyəsində həll olunur. Orada Bədii Şura, sənət adamları var. Məndə konkret məlumat var ki, son yarım, 1 ildə 30-a qədər gənc rejissor Kino Agentliyindən bəhrələnib. Ssenarilər yazıb, filmlər çəkiblər. Bəs bunları edən kimdir? Kimsə bu məsələni qızışdırır. Azərbaycan kinosuna düşmən olan adamlar! Prodakşndan kənarda alver edib, pul qazanmaq istəyən səviyyəsiz adamlar. “Kino” adı ilə kazino, əxlaqsızlıq yuvası açanlar… İstəyirlər ki, “kino” adı ilə alver etsinlər, toxunulmazlıq statusu alsınlar. Xeyr! Kino xalqın əxlaqı, mədəniyyəti, tarixi, ideologiyasıdır. Hər şey nəzarətdə olmalıdır. Heç kimin istəyi ilə nəsə edə bilmərik. Hansısa demokratiyanın, söz azadlığının boğulmasından söhbət gedə bilməz. Boş-boş işlərlə məşğul olmasınlar. Çox istəyərdim ki, o etiraz edən 40 nəfər üzə çıxsın, çağıraq, oturdaq, görək, məqsədləri nədir. Onsuz da 30 ildir, böyük kino yoxdur. Azərbaycan kinosunu, mədəniyyətini elə siz pis günə qoymusunuz. Hələ bir bazar, kalxoz da açıblar. Cəsarət də edirlər. Maraqlıdır, komissiya yaradıb, Mədəniyyət Nazirliyinə qarşı belə bir bəyanat verənlərin hansı statusu var? Xalq onları tanıyır? Kinonu harada öyrəniblər? Çox səhv ediblər, gedib ərizələrini geri götürsünlər. Bir kino çəkiblər, “Mən qəhrəman axtarıram”. Elə kino çəkirlər? Ayıbdır! Bilinmir, harada, necə çəkiblər. Yükləyiblər internetə, saytlara… Yaxşı olar ki, kino çəkməyi öyrənsinlər”, – o qeyd edib.
TEMPİNFO