Şikayətlər əbəs imiş: Böyük xaos var, gözləmək lazımdır
- CƏMİYYƏTSON XƏBƏR
- 07.06.2024 18:18
Son günlər taksi sayında ciddi azalma müşahidə olunur. Vətəndaşlar taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Bir çox hallarda isə müştərilər sifariş olunmuş taksini gözləmə müddətinin artmasından şikayət edir.
Əsas narazılıq isə taksiyə alternativ olaraq avtobus və metro kimi ictimai nəqliyyatdan sıxlıq səbəbindən istifadənin mümkün olmaması göstərilir. Bu da insanların gedəcəyi ünvana çatmasını müşkül edir.
“Demotivasiya tədbirləri həyata keçirilir”
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, ötən ilin sonundan müzakirə olunan taksi islahatlarının bu cür nəticələri məlum idi: “Keyfiyyət parametrləri və yaş məhdudiyyətləri müəyyən olunub ki, bunun da taksi sayına və qiymət artımına yol açacağı bilinirdi. Bu, demotivasiya tədbiridir və insanların ictimai nəqliyyatın bir növündən digərinə yönəlməsi üçün verilmiş qərardır. Küçələrin piyadalaşması da bu tədbirlərin bir hissəsidir”.
“Cərimələrin artırılması ilə bağlı qərar bu ay təsdiqlənəcək”
Ekpert deyir ki, stimullaşdırma tədbirləri kimi mikromobillik vasitələrinin tətbiqi, avtobus zolaqlarının çəkilməsini göstərmək olar: “Təəssüf ki, bu tədbirlərə nəzarətdə axsamalar var. Güman edirəm ki, qaydalara əməl olunmaması ilə bağlı tətbiq edilən cərimələrin artırılması ilə bağlı qərar bu ay təsdiqini tapacaq. Bu da insanların bir növdən digərinə keçidini təmin edəcək. Ümumilikdə, islahatlar dövründə bu kimi çətinliklər də müşahidə olunur”.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Ölkə.Az”a şərhində taksilərlə bağlı icra olunan qərarların bu sahədə təkmilləşməyə xidmət etdiyini vurğulayıb:
“Taksi sayı 2 dəfə azalacaq”
“Bu sahədə böyük xaos və problemlər var. Burada seçim əsasən taksi sürücüləri üzrə aparılır. Taksi sürücüləri özləri də bilir ki, müəyyən şərtlərə cavab vermədikdə taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Buna görə də əziyyət çəkib müraciət də etmirlər. Daha əvvəl say 60 minin üzərində olduğu halda hazırda 18 mindən çox taksi sürücüsünün təlimlərdən keçərək sertifikat ala bildiyi məlum olub. Ümumilikdə isə paytaxtda taksi sayının 30 min hədlərində olacağı güman edilir. Bakı üçün bu, kifayət qədər normal rəqəmdir. Lakin proses avtomatik qiymət artımına və insanların daha çox taksi gözləməsinə səbəb olur. Daha əvvəllər də ölkədə taksi qiymətləri bu qədər ucuz olmamışdı. Proses indi tənzimlənməyə başladığı üçün narazılıqlar da indi ortaya çıxır”.
“Su qiymətinə taksi dövrü bitib”
Ekspertin fikrincə, qiymətlərin fantastik artımı nəzərdə tutulmur: “Çünki bu zaman müştərilər qalmayacaq. Taksilərlə paralel olaraq ictimai nəqliyyatın digər növlərində də islahatların aparılmasına ehtiyac var idi: metrostansiyaların sayının artırılması, ölkəyə yeni avtobusların gətirilməsi, tramvayın qayıtması bura daxildir. Belə olan halda tələbat yaranmadığından çox taksi sayına da ehtiyac qalmayacaqdı. Bu gün ictimai nəqliyyat bərbad vəziyyətdə olduğundan taksiyə maraq da yüksəkdir. Hər bir halda qiymətlərin tənzimlənəcəyi gözlənilir. Yüksək qiymət sürücülər üçün də əlverişli deyil. Lakin su qiymətinə taksi, düyməni basan kimi taksinin qapı qarşısında gözləməsi dövrü də artıq bitib. Bu xidmət bütün dünyada belədir”.
“Qiymətlərin artması da normaldır”
“Vətəndaş əvvəllər 3 manata getdiyi yerə indi 5 manata gedərkən şikayət edir. Lakin bir neçə il əvvəl həmin yerə 7-8 manata gedirdi. Bu gün yanacaq, ehtiyat hissələri, usta xərcləri artır, paralel olaraq taksi qiymətləri niyə artmasın? Taksi sürücüsünün bizə borcu var? Obyektiv yanaşdıqda, qiymətlərin artması da normaldır”, – deyə E. Muradlı əlavə edib.
TEMPİNFO