“Sovet dövründə də rüşvət verib məktəb direktoru olurdular, indi də…” – Deputat

“Sovet dövründə də rüşvət verib məktəb direktoru olurdular, indi də…” – Deputat

Məktəblərdə mütəmadi olaraq yoxlamalar aparılır. Bunun nəticəsində məktəb rəhbərliyində olan nöqsanlar aşkarlanır və işində özbaşınalığa yol verən direktorlar, onların müavinləri vəzifədən kənarlaşdırılır. Belə şəxslərin məktəb rəhbərliyində yer alması və vəzifəyə gətirilməsi cəmiyyətdə müzakirələrə səbəb olur. Adətən, direktor, yaxud müavin vəzifəsinə kadr seçərkən, həmin şəxsin o vaxta qədər olan iş təcrübəsi nəzərdən keçirilir.

Belə olduğu halda, niyə direktor vəzifəsinə seçilən kadr gözlənilən etimadı doğrulda bilmir?

TEMPİNFO xəbər verir ki, məsələ ilə bağlı bir sıra məqamları “Yeni Sabah”a açıqlayan millət vəkili Tahir Kərimli bildirib ki, təhsil sistemində inzibati dəyişikliyə ehtiyac var:

“Bizdə çox maraqlı bir proses gedir. İşdə ideoloji olaraq, sovet təhsil sistemindən imtina edib Baloniya sisteminə keçmişik. Sovet təhsil sistemində əsas komponentlər təlim və tərbiyə idi. İdeoloji olaraq dəyişiklik olsa da, əsas məsələ odur ki, inzibati olaraq heç nə dəyişməyib. Sovet dövründə rüşvət yolu ilə vəzifəyə gəlmək, o cümlədən, direktor olmaq kimi əməllər günümüzə qədər davam etməkdədir. Sanki başqa yol bilmirlər. Bunu özüm də müşahidə etmişəm. Məhkəmə sistemində bir müddət məsələ ortaya qoyduq ki, heç kim rüşvətxorluqla məşğul olmasın. İstədiyimiz qanunvericilik bazasını da yaratmışdıq. Ancaq tamamlana bilmədi və yenə də eyni rüşvətxor sistem qaldı.

Çox təəssüf ki, təhsil sistemində də belədir. Həmin sahədə vəzifəyə rüşvət, qohumluq, yerlipərəstliklə kadr seçilir. Beləliklə, yeni seçilən direktorun da qarşısına vəzifə qoyurlar ki, müavin filankəs olacaq, digər vəzifəyə bir başqasını təyin edəcəksən və s. kimi məqamlar var. Həmin məsələnin tək həlli yuxarılardan tənzimlənməsidir”.

Deputat sözügedən halların qarşısının alınması üçün belə bir təkliflə çıxış edib:

“Yaxşı olar ki, pedoqoji kollektivə gizlin səsvermə yolu ilə direktor seçmək hüququ verilsin. Müəllimlər istədiyi namizədi seçki bülletenlərində qeyd edərək, qutuya salsınlar. Bu məsələnin başqa bir həlli mümkün deyil. Bəlkə də nazir və digərlərinin iradəsi ilə problemin həllində müəyyən dərəcədə irəliləyişlər ola bilər. Amma bir boşluq yaranan kimi, rüşvət sistemi özünü yenidən bərpa edəcək. Dünyada rüşvət qədər kadrları bir-birinə bağlayan amil yoxdur. Burada hər iki tərəf, rüşvət alan da, onu verən də pulun müqabilində bir-birinə qarşı gözükölgəli olur. Əslində bu cinayətdir. Belə görünür ku, təhsildəki bu sistem başdan-başa dəyişilməlidir”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37