Şuşadakı hotellər niyə zərərlə işləyir: Bahalıq, yoxsa adam azlığı
- İQTİSADİYYATSON XƏBƏR
- 08.08.2024 19:25
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Şuşada fəaliyyət göstərən hotellər bu ilin I yarısında 5 milyon 137,2 min manat xərcə qarşı cəmi 2 milyon 571 min manat gəlir əldə edib. Gəlirlərin xərclərdən 2 dəfə az olması hotellərin 2 milyon 566,2 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 359,7 min manat və ya 16,3%, xərclər 2 milyon 346 min manat və ya 84%, zərər isə 1 milyon 986,3 min manat və ya 4,4 dəfə artıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşadakı hotellər cəmi 579,9 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 2 milyon 211,3 min manat, xərclər isə 2 milyon 791,3 min manat idi.
Şuşadakı hotellər 5 ulduzlu olduğundan qiymətlər bir qədər bahadır. “Şuşa” və “Xarı bülbül” hotelində iki çarpayılı bir otağın gecəlik qiyməti həftə içi 300 manat, həftə sonları isə 350 manatdır. Bura səhər yeməyi də daxildir.
Əgər hotellər belə zərərlə işləyirsə, bu həm də o deməkdir ki, gələcəkdə ixtisarlar qaçılmazdır. Bunun qarşısını almaq, Qarabağdakı hotellərin mənfətlə işləməsini təmin etmək üçün nə etmək lazımdır?
Turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, Qarabağda fəaliyyət göstərən hotellərin qiyməti paytaxtdakı hotellərdən çoxdur:
“Əslində onlar daha gəlirli olmalıdır. Amma bəlli olur ki, gəlirlərlə xərclər uyğunlaşmır. Bunu daha dəqiq analiz etmək üçün onların xərclərinə baxmaq lazımdır. Niyə xərclər çox olunub və o, nəyə sərf olunub. Bu, mal və əşyaların alınması, tikinti, yoxsa investisiya ilə bağlıdır.
Həmin hotellərin növbəti illərdə daha gəlirli olacağı gözlənilir. Çünki maraq böyükdür. Gəlirlə xərc arasındakı bu qədər fərq böyük ehtimal ki, oraya qoyulan investisiya ilə əlaqədardır.
Deməzdim ki, Qarabağda hotellər tamami ilə boş olduğuna və ya işləmədiyinə görə belə nisbət fərqi yaranıb. Ola bilsin ki, həftənin müəyyən günləri daha çox tələbat olur, digər günləri isə müştəri az olur. Növbəti illərdə bu balansın düzələcəyinə inanıram.
Qeyd edim ki, Qarabağda hotel qiymətləri Bakıya nisbətən bahadır. Paytaxtda 60-80 manata hotel tapmaq mümkündür. Çünki Bakıda hotel sayı kifayət qədərdir”.
Turizm eksperti Rəhman Quliyev deyir ki, işğaldan azad olunmuş ərazilərdə hotellərin gəlirlə işləməsi üçün müəyyən zaman lazımdır:
“Həmin ərazilərdə barmaqla sayılacaq qədər hotellər var. Onların çoxusunun yer tutumu azdır. Sayın azlığına görə də orada qiymətlər bir az yüksəkdir. Amma hotellərin sayı artırılarsa, qiymətlər də nisbətdə təsirini göstərəcək. Eyni zamanda təhlükəsizlik tam təmin olunduqdan sonra iqtisadi canlanma yaşanacaq. İş adamlarının cəlb edilməsindən, insanların ora köçürülmə məsələləri artdıqdan sonra hotellərdə vəziyyət düzələcək.
Hazırda Qarabağın hotellərində müştəri bazası kifayət qədər deyil. Onların müəyyən müddət zərərlə işləməsi normal bir haldır. Çünki bölgələrə turist axını hələki intensiv deyil. Portal vasitəsi ilə məhdud şəkildə turistlər gedir. Orada təşkil olunan tədbirlərin hesabına gəlir əldə edirlər, amma bu hotellərin xərclərini ödəməyə çatdırmır. Ümumiyyətlə, bu hotellərə dəstək olunması zəruridir. Hesab edirəm ki, azad olunan ərazilər tam olaraq minalardan təmizləndikdən sonra portal ləğv olunacaq və insanlar ərazilərimizə rahat gedəcəklər. Hotellərin doluluq səviyyəsi yüksək olacaq və mənfətlə işləyəcəklər”.
Qeyd edək ki, bir müddət öncə İsa bulağında bir çaynik çayın qiyməti ilə bağlı mövzu gündəm olmuşdu. Sonradan bəlli oldu ki, çay dəstgahına 32 manat, yemək yeyib çay sifariş verdikdən sonra isə 10-12 manat ödənilir. /pravda.az