Taksilərdə minimum gediş haqqı 4,50 olacaq
- İQTİSADİYYATMANŞETÖLKƏSON XƏBƏR
- 17.05.2024 11:36
Köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığı deyilir.
İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.
TEMPİNFO.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib.
Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.
“Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır”, – Murad Məmmədov adlı taksi sürücüsü bildirib.
O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib.
“1999-cu ildə istehsal olunan “Çeşka” adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan “Opel” və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir”, – sürücü bildirib.
AYNA-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
“Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər – buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır”, – AYNA-dan bildirilib.
Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, ANNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır:
“Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.
Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. “Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50 AZN-dir.
TEMPİNFO.AZ