Tarixi rəqabət: Niderland – İngiltərə

Tarixi rəqabət: Niderland – İngiltərə

Bu gün Dortmundda AVRO-2024-ün ikinci yarımfinal qarşılaşması – Niderland – İngiltərə matçı baş tutacaq.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

1907-ci ildə 8:1 və 12:2, iki il sonra 9:1 – ingilislərin yoldaşlıq matçlarında məhz belə qələbələri ilə başlayıb bu komandaların rəqabəti. 32 oyunluq rəqabətdə britaniyalılar 13 qələbə qarşılığında 9 dəfə məğlub olmaqla 74-39 top fərqi üstünlüyünə malikdirlər.

Avropa çempionatlarının final mərhələsindəki iki qarşılaşmadan birincisində “narıncılar” AVRO-1988-də Marko van Bastenin het-triki ilə qrupda 3:1-lik qələbə qazanıblar, 8 il sonra isə yenə qrupda ingilislər 4:1-lik qalibiyyətlə həmin məğlubiyyətin əvəzini çıxıblar.

Dünya çempionatının final mərhələsində yeganə oyundan komandalar 1990-cı ildə qrupda qolsuz ayrılıblar. 1993-cü ildə seçmələrdə isə İngiltərədə 2:2-lik bərabərliyin ardından Niderlandda ev sahibi 2:0 hesabı ilə qalib gəlib.
Komandaların son qarşılaşması 2019-cu ildə Millətlər Liqasının yarımfinalında baş tutub. “Narıncılar” ilk qolu buraxdıqları oyunda əlavə vaxtda 3:1 hesabı ilə qələbə qazanıblar.

26 yoldaşlıq görüşündə 12 qələbəsi olan İngiltərə 6 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə 66-28-dir.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37