Telekanallarda elmi-mədəni və təhsil proqramları “qıtlığı”

Telekanallarda elmi-mədəni və təhsil proqramları “qıtlığı”

Bütün dünya ölkələrində təhsil, elmi-maarifləndirici, təhsil proqramlarının televiziyalarda yayımlanması cəmiyyət üçün önəmli məsələlərdən biri hesab olunur. Məhz televiziya vasitəsilə izləyicilər informasiyaları, məlumatları alır, bu baxımdan bu cür verilişlərin çoxluq təşkil etməsi zəruridir. Lakin təəssüf ki, artıq uzun illərdir telekanallarda maarifləndirici, təhsil və elmi proqramların sayı azdır.

Məsələn, ötən il Audiovizual Şura 2023-cü ilin noyabr ayı ərzində ölkə televiziya yayımçılarının proqramlarının məzmunu ilə bağlı göstəriciləri açıqlamışdı. Qurumun monitorinqi AZTV, İTV, İdman TV, Mədəniyyət TV, ATV, Space TV, Xəzər TV, ARB, ARB24, CBC SPORT, REAL TV kanallarını əhatə edib. Analitik Kollektiv Audiovizual Şuranın açıqladığı göstəricilər əsasında Azərbaycanın telekanallarında ən çox hansı məzmunlu proqramlara yer verildiyini təhlil edib. Hesabata əsasən, televiziyalarda yayımlanan informasiya və analitik verilişlərin xüsusi çəkisi 25 faiz, reklam 16,6 faiz, idman verilişləri 15,3 faiz, musiqi və əyləncə 12,1 faiz, anons və elan 3,4 faiz, bədii filmlər (xarici) 3,9 faiz, bədii filmlər (yerli) 0,6 faiz, seriallar (xarici) 2,9 faiz, seriallar (yerli) 1,5 faiz, sənədli filmlər 1,9 faiz, sosialyönümlü 5,7 faiz, cizgi film 0,6 faiz, uşaq verilişləri 0,4 faiz, mədəni-maarif verilişləri 9,7 faiz olub.

Göründüyü kimi, Azərbaycan televiziya kanallarında elmi-mədəni, maarifləndirici, təhsil proqramlarının sayı xeyli azdır. Bəs nə etməli?

Tele-tənqidçi, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.

Professor qeyd edib ki, elmi, mədəni, maarifləndirici verilişlərin sayının azlığı televiziya məkanında əsas problemlərdən biridir:

“Bəs niyə bu cür verilişlərin sayı azdır? Hesab edirəm ki, bunun səbəbi ilk növbədə televiziyaların reytinqə daha çox meyillənməsidir. Belə bir prinsipi əsas götürürlər ki, guya o cür verilişlərə baxan yoxdur, maraq doğurmur. Bu, tamamilə yanlış və əsassız yanaşmadır. Fikrimcə, mədəniyyət və yaxud təhsil verilişləri haqqında təsəvvür doğru deyil. Çünki son illərdə məlumatlandırıcı, mədəniyyət, elmi-praktik, tədris verilişləri məzmunca, formaca kifayət qədər yenilənib. Dünya televiziya təcrübəsində belə verilişlərin çox gözəl nümunələri var, sadəcə, bizim bəzi televiziyalar o cür verilişləri həm hazırlamağa çətinlik çəkir, həm də tənbəllik edirlər. Dünya təcrübəsində istər dövlət, istərsə də özəl kanallar olsun, hamısının mədəni-maarif proqramları hazırlamaq öhdəliyi var. Məsələn, Böyük Britaniyada BBC özü maarifləndirici, çox maraqlı verilişlər təqdim edir. Eyni zamanda çox populyar olan “3-cü Kanal” adlanan kommersiya kanalı var ki, o da öhdəlik götürüb və bu tip verilişlər hazırlayır, kifayət qədər də baxılır. Əlbəttə ki, bu cür verilişlərin ciddi və təmənnasız sponsorları olmalıdır ki, müəyyən fondlar və sairə bu cür maarifləndirici verilişləri maliyyələşdirsinlər, onlara yardımçı olsunlar. Məsələn, Yaponiyanın ən böyük dövlət televiziyasının birinci proqramı universal proqramdırsa, ikinci proqramı birbaşa elm-təhsil proqramıdır və burada daha çox maarifləndirici verilişlər təqdim olunur. Burada dil verilişləri hazırlanır, texnologiya öyrədilir, bu da cəmiyyətin irəliləməsinə çox ciddi təsir göstərir. Ona görə də bizim televiziya rəhbərləri, proqram siyasətini hazırlayanlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.

Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, bu mövzuda hər zaman müzakirələr olub:

“Bəziləri deyir ki, bu cür verilişləri artıraq, bəziləri isə deyir, bu istiqamətdə jurnalistlərin fəaliyyəti zəifdir. Bunlar ikinci dərəcəli məsələdir. Əsas məsələ televiziyaların özünün inkişafı platformasının olmasından ibarətdir. Biz televiziyalardan elm-təhsil, mədəni-maarif mövzularında proqramlar tələb etsək də, hazırlanan proqramların keyfiyyəti bizi onsuz da qane etməyəcək. Bizə yüksək səviyyədə hazırlanmış, insanlara fayda verəcək verilişlər lazımdır. Bu baxımdan, qeyd etdiyim kimi, televiziyanın özünün inkişafı platforması olmalıdır. Dəfələrlə bu barədə çıxışlarım, təkliflərim olsa da, hələ ki bu günə qədər məsul təşkilatlardan bir dəfə də olsun mənə deyilməyib ki, bizə kömək edin”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37