“Turan Tovuz” Niderlandda məhsuldar görüşlər keçirib – Fotolar

“Turan Tovuz” Niderlandda məhsuldar görüşlər keçirib – Fotolar

“Turan Tovuz” PFK-nın İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb.

TEMPİNFO.AZ xəbər verir ki, PSV və “Feyenoord”dan sonra nümayəndələr üçüncü komandanın – “Utrext”in düşərgəsində olublar. Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib. Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib.

Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb. Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində iştirak ediblər.

“Turan Tovuz” akademiyasının koordinatoru Rasim Əliyev məşqlərdə xüsusi qeydlər götürüb. Daha sonra nümayəndələr “Utrext”in baş məşqçisi Ron Yansla bir araya gəliblər.

Klubun baş məşqçisi Ayxan Abbasovla uzunmüddətli görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb.

Təcrübəli niderlandlı mütəxəssis əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib.

Səfərin sonunda nümayəndələr “Utrext”in əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olublar.

“Turan Tovuz”un strategiyasına uyğun olaraq beynəlxalq təcrübə toplamaq və əlaqələri gücləndirmək üçün belə səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37