Üç yaşlı övladını satışa çıxaran ana DANIŞDI: “Yoldaşım o uşaq məndən deyil deyir…”
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 07.08.2024 22:20
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur.
“Əsəbi olduğum üçün paylaşdım…”
Bizim.Media ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı üç yaşlı övladını satışa çıxaran 2000-ci il təvəllüdlü adan açıqlama alıb.
Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb:
“Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azından onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz yeddi uşaq olmuşuq, beşi qıcolmadan, bir qardaşım isə suda boğularaq dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb”.
“Yoldaşım o uşaq məndən deyil deyir…”
Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb:
“Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim.
Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. “O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur”, – deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır”.
“Ev sahibi məni küçəyə atacaq”
Nəzrin Qurbanovanın sözlərinə görə, uşağına baxan olmadığı üçün iş axtarmaqda maraqlı olmayıb və davamlı işləyə bilməyib:
“Üç gün çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdur, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı “TikTok”da video paylaşmışam. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi.
O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik.
Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm.
Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq”, – deyə Nəzrin Qurbanova əlavə edib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Əlavə olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.