Yaşlı deputatlar… – Onlar seçkiyə gedəcək?

Yaşlı deputatlar… – Onlar seçkiyə gedəcək?

Son günlər yaşı 70-dən çox olan deputatların yeni formalaşacaq VII çağırış Milli Məclisdə olmayacağı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səsləndirilir.

Qeyd edək ki, hazırda Mili Məclis üzvlərindən 15 nəfərinin 70-dən çox yaşı var. 

Bu günlərdə müsahibə verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov da bildirib ki, parlamentin tərkibinin 30-40 faiz yenilənəcəyi gözlənilir.

Bütün bu deyilənlər o anlama gəlir ki, VII çağırışda Milli Məclisdə gənclər və orta nəsil əsas üstünlük təşkil edəcək.

Təsadüfi deyil ki, 70-dən yuxarı yaşı olan deputatlardan biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı sağlamlıq durumunu nəzərə alaraq bu ilki seçkilərə qatılmayacağını dolayısı ilə təsdiqləyib.

Bəs, yaşı 70-i keçmiş deputatlarımızdan kimlər növbəti dəfə mandat uğrunda mübarizə aparacaq?

Bizim.Media-ya açıqlamasında deputat Vahid Əhmədov bildirir ki, bu dəfəki seçki marafonunda da iştirak etmək niyyətindədir:

“Artıq 59 saylı Quba Seçki dairəsinə sənədləri vermişik. Bu dəfə həmin dairədən namizəd olmaq istəyirəm”.

Eldar İbrahimov isə sualımızı dinləsə də, cavab vermək istəməyərək, telefonu qapadıb.

Demokratik islahatlar Partiyasından deputat Asim Mollazadə də suala konkret cavab verməyib:

“Hazırda partiyada seçkilərlə bağlı müzakirələr aparılır. Hələ bu məsələ istiqamətində qərar qəbul edilməyib. Qərar qəbul edildikdən sonra iştirak edib-etməyəcəyim barədə ictimaiyyəti də məlumatlandıracağıq”.

Hakim partiyadan olan millət vəkili Elman Məmmədov isə seçkilərdə iştirak edib-etməməklə bağlı YAP-ın qərarını gözlədiyini deyib:

“Həmişə seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyim verilib. Yenə də bu barədə partiyanın qərarını gözləyirik. Biz müstəqil olaraq namizəd irəli sürmürük”.  (bizim.media)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37