“100”ü vur, 500-cü qolu buraxma: Tallindəki hədəflər

“100”ü vur, 500-cü qolu buraxma: Tallindəki hədəflər

Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

TEMPİNFO İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Millətlər Liqasının III turunda Estoniya ilə qarşılaşacaq.

Tallində təşkil olunacaq matç komandamızın tarixində 302-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 301 oyuna çıxıb.

Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 162 dəfə uduzub. Əvvəlki 301 qarşılaşmada 233 qol vuran futbolçularımız 499 top buraxıb. Əgər Estoniya yığmamıza qol vursa, bu, millimizin tarixində buraxılan 500-cü top olacaq.

Bu qarşılaşma millinin rəsmi turnirlər çərçivəsində 163-cü oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 162 matç keçirən komandamız 21 qələbə qazanıb, 33 heç-heçə edib və 108 dəfə xalsız qalıb. 99 qol vuran millimiz yubiley topuna Tallində imza ata bilər. Bunun üçün bir qol yetər. Rəqiblər isə 323 dəfə fərqləniblər.

Azərbaycan yığması Millətlər Liqasında 21-ci görüşünü keçirəcək. 6 qələbə və 7 heç-heçəsi olan komandamız 7 dəfə uduzub. 17 qola sevinən futbolçularımız 19 dəfə topu öz qapısında görüblər.

Səfərdəki matç Fernandu Santuşun baş məşqçi postunda 3-cü sınağı olacaq. İsveçə 1:3, Slovakiyaya 0:2 hesabı ilə uduzan portuqaliyalının yetirmələri xala həsrət qalıblar.

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Estoniya – Azərbaycan matçı Tallindəki “Le Koq Arena”da keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37