Deputatlar silah gəzdirmək hüquqlarından niyə istifadə etmir?

Deputatlar silah gəzdirmək hüquqlarından niyə istifadə etmir?

Azərbaycanda deputatların silah gəzdirmək hüququ var. “Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.

Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

Lakin ölkəmizdə demək olar ki, heç kəs bu hüququndan istifadə etmir.

Ötən il silahlı hücuma məruz qalan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında vurğulayıb ki, silah mütləq şəkildə verilmir:

“Bu, bilavasitə hüquq kimi tanınıb. Amma silah verilməsi hər kəsin könüllü müraciəti əsasında mümkündür. Müraciət yoxdursa, deputata məcburi silah verilməsi kimi imperativ məsələ yoxdur ki. Burada, yenə deyirəm ki, əsas müraciət məsələsi önəmlidir. Çox güman ki, istənilən deputat silahla bağlı müraciət etsə, ona müsbət cavab verilər”.

Deputat özünün və həmkarlarının silah üçün müraciət etməməsinin səbəbini isə belə izah edib:

“Bu gün ölkədə təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan qurumlarımız var. İstər Dövlət Təhlükəsizlik Xidməti, istərsə də Daxili İşlər Nazirliyi sabitliyi pozacaq, insan həyatı üçün təhlükə yaradacaq bütün məsələlərdə çox həssas davranırlar. Yəqin ki, deputatlar tərəfdən silah üçün məhz buna görə müraciət olunmur. Ən çox təhlükəyə məruz qalanlardan biri kimi bizim də qorunmağımızla bağlı dövlət qurumları lazımi tədbirləri görüblər. Ancaq bu motiv əsas götürülərərək kimsə xüsusi olaraq silah gəzdirmək üçün müraciət etmir”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37